Manatla bağlı sevindirici proqnoz: Dollar əvəzinə...

Manatla bağlı sevindirici proqnoz: Dollar əvəzinə... İqtisadiyyat

Azərbaycanda son dövrdə iqtisadiyyatda dedollarlaşma meylləri daha da güclənib. Bu barədə məlumat Milli Məclisin bu gün keçirilən iclasında, 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı səsləndirilib. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, 2022-ci ildən etibarən həyata keçirilən islahatlar pul siyasətinin ötürücülük mexanizmini gücləndirib və nəticədə ölkədə dollarlaşma səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

Kazımov qeyd edib ki, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma ilin əvvəlindən 2,1 faiz bəndi aşağı düşərək oktyabr ayında 28,5%-ə enib. Bu göstərici indiyədək qeydə alınmış ən aşağı səviyyədir.

Dedollarlaşmanın dərinləşməsinin bank sektoru və milli valyutaya təsirləri maraq doğurur. Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, son aylarda ölkədə dollara tələbatın azalması dedollarlaşma prosesini gücləndirib. Onun sözlərinə görə, bu meylin əsas səbəbi əhalinin manata olan etibarının artmasıdır.

“Dedollarlaşmaya səbəb dollara tələbatın azalmasıdır. Manat dollara qarşı fiksal rejimdə qalır və insanlar milli valyutaya daha çox güvənir. Neftin qiyməti düşsə də, hazırda kəskin azalma müşahidə olunmur. Bu isə ölkənin tədiyə balansının profsitli olmasına gətirib çıxarır. Yəni ixrac gəlirləri idxal ödəmələrini üstələyirsə, vətəndaşlar da daha rahat olur, çünki maliyyə stabilliyi qorunur”, – deyə iqtisadçı vurğulayıb.

O əlavə edib ki, Mərkəzi Bankın apardığı pul siyasəti nəticəsində faiz dərəcələrinin artması əhalinin milli valyutaya marağını daha da artırır:

“İnsanlar baxır ki, dollara 2,5%-lə əmanət qoymaqdansa, manata 12%-lə banka əmanət qoymaq daha sərfəlidir. Bu həm əmanətlərin milli valyutada artmasına, həm də ümumi iqtisadi sabitliyə müsbət təsir göstərir”.

Xalid Kərimli hesab edir ki, dedollarlaşma meyllərinin güclənməsi maliyyə sektorunda riskləri azaldır və manatın dəyərinin qorunmasına xidmət edir. Eyni zamanda, bu proses ölkədə uzunmüddətli iqtisadi stabilliyin təminatına da töhfə verir.