Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"

Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur" İqtisadiyyat

Son 5 il ərzində Azərbaycanda heyvanların sayında azalma müşahidə olunur.

News24.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir: "Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artıb. Qeyd edim ki, bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5 % təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır. Bu nöqteyi-nəzərdən məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm".

M. Məmmədov bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini qeyd edib: "Son 5 ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda, intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1 800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7 500 litrdir, hətta az sayda olsa belə, bəzi təsərrüfatlarda 10-12 min litrə çatır. Eyni mənzərəni biz intensiv təsərrüfatlarda mal ətində də görə bilirik".