Əməkhaqqı üçün yeni qayda: 20 saat işləyənlərin maaşı necə hesablanacaq?
İqtisadiyyat
Milli Məclisdə minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsi nəzərdə tutulur. Təklifə əsasən, həftədə 20 saat və ya daha az işləyən şəxslərin əməkhaqqı saatlıq iş prinsipi ilə hesablanacaq. Eyni zamanda, tam iş vaxtı ilə çalışan və minimum əməkhaqqı alan şəxslərin aylıq qazancının saatlıq çalışanların əməkhaqqından daha yüksək olması gözlənilir.
Maraqlıdır, bu dəyişiklik hansı qaydada tənzimlənəcək? Saatlıq əməkhaqqının məbləği necə müəyyənləşdiriləcək?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın əmək bazarının mövcud vəziyyətinə nəzər saldıqda, bunun tətbiqinin o qədər də asan olmadığını görürük: “Azərbaycanda büdcə təşkilatlarında təxminən 850 min nəfər çalışır. Bəzi dövlət və hökumət qurumlarında saatlıq iş rejimini tətbiq etmək mümkün ola bilər.
Lakin müəllimlər, həkimlər, polis əməkdaşları, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin əməkdaşları üçün bu qaydanın tətbiqi mümkün deyil”.
Onun sözlərinə görə, özəl sektorda isə saatlıq iş rejiminə keçidi əmr və ya göstərişlə təmin etmək mümkün deyil: “Belə ki, işəgötürənlər saatlıq iş rejiminə keçdikdə daha çox işçi cəlb etmək məcburiyyətində qala bilərlər. Bu isə nəticədə əməkhaqqı və digər xərclərin artmasına səbəb ola bilər.
Ona görə də özəl sektor üçün saatlıq iş rejiminə keçid iqtisadi baxımdan da sərfəli olmalıdır. Ümumilikdə, bu, maraqlı təklifdir, lakin Azərbaycanda tətbiqi müəyyən çətinliklərlə müşahidə olunacaq”.