Neft gəlirlərinin azalması mənfi tendensiya deyil - Ekspert

Neft gəlirlərinin azalması mənfi tendensiya deyil - Ekspert İqtisadiyyat

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə çıxış edib. Dövlətimizin başçısı müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, məhz mövcud enerji resursları ölkənin iqtisadi nailiyyətlərini artırmağa və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə imkan verib. Dövlət başçısı qeyd edib ki, əsas enerji layihələrinin böyük hissəsi artıq tamamlanıb və bundan sonra Azərbaycanın inkişaf gündəliyində qeyri-enerji sektorunun, yəni neft və qazdan kənar sahələrin genişləndirilməsi prioritet təşkil edəcək.

Maraqlıdır, bununla bağlı hazırda hansı işlər görülür?

Məsələ ilə bağlı News24.az-a danışan neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanın iqtisadi inkişaf modelində neft-qaz sektorunun rolu mərhələli şəkildə azalır və bu, uzunmüddətli strategiyanın tərkib hissəsidir:

"Son illər ərzində ümumi daxili məhsulda neft-qaz sektorunun payı ardıcıl şəkildə kiçilir, paralel olaraq dövlət büdcəsinə daxilolmalarda da bu sahənin çəkisi azalır. 2026-cı il üçün nəzərdə tutulan büdcə parametrlərinə əsasən neft-qaz sektorunun payı təxminən 43 faiz təşkil edəcək, halbuki 2025-ci ildə bu göstərici 47 faiz civarında idi. Bu rəqəmlər iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların real nəticələrini göstərir".

Ekspert vurğulayıb ki, neft-qaz sektorunun dövlət büdcəsində və ümumilikdə iqtisadiyyatda payının azalması prosesi Azərbaycanda 2012-ci ildən etibarən başlayıb:

"2011-ci ildə neft gəlirləri ən yüksək səviyyəyə çatıb və həmin dövrdən sonra azalma mərhələsi müşahidə olunub. Bu azalma mənfi tendensiya kimi deyil, əksinə, iqtisadiyyatın daha dayanıqlı və balanslı inkişafına keçid kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, neftdən əldə olunan gəlirlər hazırda qeyri-neft sektorunun inkişafı üçün əsas maliyyə mənbəyi, yəni donor və stimul rolunu oynayır. Bu vəsaitlər hesabına sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, turizm, rəqəmsal texnologiyalar və digər sahələrdə yeni layihələr həyata keçirilir, infrastruktur yenilənir və özəl sektorun fəaliyyəti genişləndirilir".

İlham Şaban bildirib ki, qeyri-neft sektorunda hansı sahələrin daha sürətlə inkişaf edəcəyi gələcəkdə həm daxili iqtisadi prioritetlər, həm də qlobal bazarlardakı dəyişikliklər əsasında formalaşacaq. Onun sözlərinə görə, əsas məqsəd neft-qaz gəlirlərindən asılılığı minimuma endirməklə uzunmüddətli iqtisadi sabitliyi və davamlı artımı təmin etməkdir.