Problemli kreditlər niyə artır? - Ekspert səbəbləri açıqladı

Problemli kreditlər niyə artır? -  Ekspert səbəbləri açıqladı İqtisadiyyat

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2026-cı il iyulun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 719.4 milyon manat təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 13.2%, ilin əvvəli ilə müqayisədə 37.1%, ötən ilin eyni dövrünə nisbətən isə 36.4% çoxdur.

Hesabat tarixinə problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2.1% olub. Bu göstərici may ayının sonunda 1.9%, 2025-ci ilin sonunda 1.6%, ötən ilin iyun ayının sonunda isə 1.7% təşkil etmişdi.

Bəs problemli kreditlərin artmasına səbəb nədir?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda problemli kreditlərin həcmi narahatedici həddə çatmasa da, artım tendensiyası diqqətlə izlənilməlidir.

"Beynəlxalq praktikada problemli kreditlərin ümumi kredit portfelində payının 3 faizi keçməsi bank sektoru üçün ciddi risk göstəricisi hesab olunur. Hazırda Azərbaycanda bu göstərici təxminən 1,8–1,9 faiz səviyyəsindədir və kritik həddə çatmayıb. Ancaq əsas narahatlıq yaradan məqam problemli kreditlərin ildən-ilə, hətta aydan-aya artmasıdır. Bu, əhalinin gəlir səviyyəsinin zəiflədiyini və götürdüyü kreditləri əvvəlki kimi rahat şəkildə qaytara bilmədiyini göstərir".

İqtisadçı qeyd edib ki, banklar uzunmüddətli və istehsal yönümlü kreditlər verməkdənsə, daha çox istehlak kreditlərinə üstünlük verirlər:

"Nəticədə bir çox vətəndaş eyni vaxtda bir neçə kredit götürür və sonradan ödənişlərdə çətinlik yaşayır. Problemli kreditlərin artmasının əsas səbəbləri sırasında yüksək kredit faizləri, əhalinin real gəlirlərinin eyni templə artmaması və istehlak kreditlərinin həddindən artıq geniş yayılması dayanır. Bu tendensiya davam edərsə, gələcəkdə həm vətəndaşların maliyyə yükü ağırlaşa, həm də bank sektorunda risklər daha da arta bilər".