Problemli kreditlərdə artım – Səbəblər açıqlandı
İqtisadiyyat
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manat təşkil edib. Bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,6 %, son 1 ildə isə 10 % artıb. Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.
Maraqlıdır, problemli kreditlərin çoxlmasına səbəb nədir?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda problemli kreditlərin əksəriyyəti istehlak kreditləridir və bu sahədə artım tendensiyası müşahidə olunur.
"Hələlik ümumi kredit portfelində problemli kreditlərin payı 1,9 faiz təşkil edir ki, bu da təhlükəli hədd sayılmır. Lakin göstərici 3 faizi keçərsə, vəziyyət artıq riskli xarakter alacaq. Bu artımın əsas səbəbləri yüksək faiz dərəcələri, iqtisadi aktivliyin azalması və əhalinin gəlirlərinin inflyasiyaya uyğun artmamasıdır. Hazırda ölkədə ÜDM-in cəmi 1,1 faiz artması iqtisadi dinamikanın zəiflədiyini göstərir. Belə şəraitdə vətəndaşlar gəlirlərinin azalması səbəbindən götürdükləri kreditləri vaxtında qaytara bilmirlər".
Natiq Cəfərli hesab edir ki, problemin qarşısını almaq üçün bank sektorunda faiz dərəcələrinin tənzimlənməsi vacibdir:
"Azərbaycanda kredit faizləri real sektorun inkişafına mane olur. Mərkəzi Bank uçot dərəcəsini mərhələli şəkildə aşağı salmalı, banklar da bu qərarlara uyğun olaraq faiz dərəcələrini endirməlidirlər. Əks halda, həm borcalanların, həm də bankların riski artacaq. Hər ay geriqaytarılmayan kreditlərin həcmi artır və bu, gələcəkdə maliyyə problemi yarada bilər".
İqtisadçı əlavə edib ki, kredit portfelinin sağlam qalması üçün maliyyə institutları risk menecmentinə ciddi diqqət yetirməli, borcalanların ödəmə qabiliyyətini düzgün qiymətləndirməlidirlər:
"Əks təqdirdə, istehlak kreditlərindəki artım bank sistemində balanssızlığa, nəticədə isə iqtisadi sabitliyə zərbə vura bilər. Faizlərin aşağı salınması və iqtisadi fəallığın stimullaşdırılması həm kredit bazarını, həm də ümumi iqtisadi mühiti sağlamlaşdıracaq".