Qaz hasilatı azalır, əhalini nə gözləyir? - Açıqlama
İqtisadiyyat
2026-cı ildə Azərbaycanda ümumilikdə 48,4 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir ki, bunun təxminən 38 milyard kubmetri satış üçün yararlı olacaq. Bu göstərici 2025-ci illə müqayisədə 1,6 faiz azdır.
Bəs hasilatın azalması əhalinin qaz təchizatına təsir edəcəkmi?
Bu barədə News24.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, enerji balansında neft hasilatının azalması, qaz hasilatının isə sabitləşməsi və artımı müşahidə olunur:
“2025-ci ilin ilk 9 ayında qaz hasilatı artıb, neft hasilatı isə azalıb. Növbəti ildə hasilatda xüsusi dəyişiklik olsa belə, bu, qaz istehlakına təsir göstərməyəcək”.
Deputat əlavə edib ki, ölkədə illik qaz istehlakı 13 milyard kubmetr təşkil edir:
“Bu istehlakın təxminən 5 milyard kubmetri əhalinin payına düşür. Mövcud hasilat səviyyəsi həm ölkənin ümumi qaz tələbatını, həm də əhalinin istehlakını tam ödəməyə imkan verir. Yəni qaz istehlakında fasilə və ya problem gözlənilmir”.