“İstirahət planı quranların nəzərinə: Hansı bölgələrə getmək daha sərfəlidir?
İqtisadiyyat
Yay mövsümünə sayılı günlər qalıb. İnsanlar artıq istirahət üçün planlar qururlar. Qonaq qarşılamağa hazırlaşan regionlarda canlanma müşahidə olunur.
Hotellərdə rezervasiyaların artması və bölgələrdə müşahidə olunan canlanma artıq yay turizm mövsümünün aktiv keçəcəyindən xəbər verir.
Maraqlıdır, bəs bu yay turistlər daha çox hansı bölgələrə üz tutacaq və qiymətlər necə dəyişəcək?
Məsələ ilə bağlı News24.az-a danışan turizm üzrə ekspert Rəhman Quliyev qeyd edib ki, bir çox ölkələrə aviareyslərin qismən baha olması daxili turizmdə ciddi canlanmaya səbəb olacaq: "Vətəndaşlar, xüsusilə orta və aşağı büdcəsi olan turistlər regionlara səyahət etməyə daha çox üstünlük verəcəklər. Bu da bölgələrdə sıxlığa gətirib çıxarır. Təbii ki, bu sıxlıq artan tələbatdan qaynaqlanır”.

Ekspert qeyd edib ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda insanların sosial rifah səviyyəsi yaxşılaşdığı üçün turist sayında da artım müşahidə olunur: “Yerli turistlər istər Bakıdan, istər Sumqayıt, Şirvan və Gəncə kimi şəhərlərdən regionlara, xüsusilə də işğaldan azad olunmuş ərazilərə səyahət edirlər. Bu isə həm bölgələrin sosial rifahına müsbət təsir göstərir, həm də regionlarda qiymətlərin daha sabit qalmasına şərait yaradır".

Ekspertin sözlərinə görə, Şimal bölgəsində - Quba, Qusar və Nabran istiqamətində 5 ulduzlu hotellərdə səhər yeməyi və hotelin əyləncə mərkəzlərindən istifadə daxil olmaqla oteldə bir iki nəfər üçün bir günlük qiymətlər təxminən 150-250 manat arasında dəyişir:
"4 ulduzlu hotellərdə isə qiymətlər 80-150 manat aralığındadır. Şəki-Qax-Zaqatala-Balakən bölgəsində 4 ulduzlu hotellər 60-100 manat, 5 ulduzlu hotellər isə 100-300 manat arasında dəyişir. Təbii ki, qiymətlər hotellərin kateqoriyası və təqdim etdiyi xidmətlərdən asılıdır.
İşğaldan azad olunmuş ərazilərdə isə hotellərin qiymətləri digər bölgələrlə müqayisədə bir qədər yüksəkdir. Bunun əsas səbəbi məsafənin uzaq olması, təminat və çatdırılma xərcləri, həmçinin işçi heyətinin fəaliyyətinin təşkilidir.
Həmin bölgələrdə 4 ulduzlu hotellərdə qiymətlər 80-150 manat, 5 ulduzlu hotellərdə isə 150-230 manat arasında dəyişir. Bu qiymətlərə iki nəfərlik gecələmə, səhər yeməyi, həmçinin hotelin spa və əyləncə mərkəzlərindən istifadə də daxildir".

Rəhman Quliyev bildirib ki, cənub bölgəsində isə yay aylarında qiymətlər digər bölgələrlə müqayisədə daha münasib olur: "Lənkəran, Yardımlı və Masallı istiqamətində havanın yayda nisbətən isti və rütubətli keçməsi turist marağını müəyyən qədər azaldır. Buna görə də qiymətlər daha aşağı olur.
Buna baxmayaraq, həmin bölgələrdə də turizm canlanması müşahidə edilir. Aşağı və orta büdcəli turistlər seçimlərini maraq dairələrinə uyğun edirlər. Məsələn, əgər turist daha əvvəl Şimal bölgəsinə və ya işğaldan azad olunmuş ərazilərə səfər edibsə, bu dəfə fərqli istiqamət kimi Cənub bölgəsini - xüsusilə Lənkəran istiqamətini seçə bilir".