Tələbələr Bakıya qayıdır: Ən ucuz kirayə mənzillər hansı ərazidədir?

Tələbələr Bakıya qayıdır: Ən ucuz kirayə mənzillər hansı ərazidədir? İqtisadiyyat

Bakıda kirayə mənzil bazarında qiymət artımı davam edir. Ötən illə müqayisədə bu il kirayə qiymətlərində təxminən 7 faizlik artım qeydə alınıb. Əhalinin böyük hissəsinin paytaxtda cəmləşməsi, mənzilə olan tələbin artması və xüsusilə müəyyən dövrlərdə təklifin tələbi qarşılamaması kirayə qiymətlərinə təsir edən əsas amillər sırasında göstərilir.

Digər tərəfdən, tələbələrin yeni tədris ili ilə əlaqədar Bakıya qayıtmasına da az vaxt qalıb. Hər il avqustun ikinci yarısından etibarən kirayə mənzillərə tələbin artması qiymətlərdə əlavə bahalaşmaya səbəb olur.

Maraqlıdır, bəs bu il tələbələrin qayıdışı ilə kirayə bazarında hansı dəyişikliklər gözlənilir?

Qiymətlər nə qədər arta bilər və daha münasib kirayə mənzilləri hansı ərazilərdədir?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Azadov qeyd edib ki, orta statistik göstəricilərə görə Azərbaycanda daşınmaz əmlak bazarında illik qiymət artımı müşahidə olunur: “Bakı şəhərində mənzil fondunun satış qiymətlərində artım 11 faizdən aşağı deyil.

11 faizlik artım daha çox Bakı şəhərinin ətraf ərazilərinə, kənd və qəsəbələrə aiddir. Şəhərin daxilində, xüsusilə çoxmənzilli binalarda isə illik qiymət artımı ən azı 12 faiz təşkil edir.

Yəni orta hesabla Bakı şəhəri üzrə satış qiymətlərində 12 faizlik artım müşahidə olunur. Bunun fonunda 70 faizlik icarə qiyməti artımının olması heç də yüksək göstərici deyil”.

Ekspert bildirib ki, tələbələrin hər il avqustun 15-20-dən sonra tədricən, əsasən Bakı şəhərinə gəlməsi sözsüz ki, kirayə bazarına ciddi təsir edir: “Ən pik qiymətlər sentyabrın əvvəlindən sentyabrın ikinci yarısına, təxminən ayın 20-25-nə qədər olan dövrdə müşahidə olunur.

Bunun əsas səbəbi böyük həcmdə tələbənin Bakıya gəlməsi və onların ev tapmaqda çətinlik çəkməsidir. Bu dövrdə tələbin artması ilə yanaşı, təklif də kifayət qədər az olur. Xüsusilə şəhərin mərkəzi hissələrində təklifin məhdud olması qiymətlərin normadan artıq yüksəlməsinə səbəb olur. Bu müddətdə kirayə qiymətləri 20-25 faizə qədər arta bilir.

Yəni bu, hər il təkrarlanan problemdir və təəssüf ki, bunun qarşısının alınması istiqamətində ciddi tədbirlər görülmür”- deyə Elnur Azadov qeyd edib.