“Temu” və “Trendyol”dan sifariş verənlərin diqqətinə! - Yeni sistem necə işləyəcək?

“Temu” və “Trendyol”dan sifariş verənlərin diqqətinə! - Yeni sistem necə işləyəcək? İqtisadiyyat

Elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib. Yeni qaydalara əsasən, vətəndaşlar artıq FİN kod və şifrə ilə sistemə daxil olaraq bəyannamə təqdim edə bilməyəcəklər.

Bəs bu dəyişiklik vətəndaşlara necə təsir edəcək?

Yeni identifikasiya üsulları hansı üstünlükləri təmin edir? Gələcəkdə xaricdən sifariş edilən məhsullar üçün tətbiq olunan aylıq limitlərdə və ya gömrük qaydalarında hər hansı dəyişiklik gözlənilirmi?

News24.az məsələ ilə bağlı olaraq iqtisadçıların fikirlərini öyrənib.

Saytımıza açıqlamasında iqtisadçı Natiq Cəfərli qeyd edib ki, hələlik limit və qadağalarla bağlı yeni məlumatlar yoxdur: "Bəyannamə qaydaların dəyişdirilməsi nəzarətin gücləndirilməsi kimi təqdim olundu. Buna baxmayaraq, qaydaların sərtləşdirilməsi ilə bağlı hər hansı bir qərar yoxdur, amma bu o demək deyil ki, gələcəkdə də belə bir addım atılmayacaq.

Xaricdən sifariş edilən məhsullar üçün tətbiq olunan aylıq limit isə olduğu kimi qalır".

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, qaydaların dəyişməsinin aylıq limitlərə təsiri yoxdur: "Əslində bəyannamənin təqdim olunması prosesi dəyişmir. Vətəndaşlar əvvəlki kimi "Smart Customs" platforması üzərindən elektron ticarət bəyannaməsini dolduracaqlar. Dəyişiklik yalnız təsdiqləmə mərhələsinə aiddir.

Belə ki, bəyannamə doldurulduqdan sonra sistem vətəndaşı SİMA platformasına yönləndirəcək və təsdiqləmə prosesi elektron imza vasitəsilə həyata keçiriləcək. Bunun üçün vətəndaşın mobil telefonunda SİMA tətbiqi quraşdırılmalı və qeydiyyatdan keçmiş olmalıdır.

Təsdiq zamanı istifadəçi SİMA tətbiqinə daxil olaraq əməliyyatı barmaq izi, PIN kod və ya digər təsdiqləmə vasitələri ilə imzalamalıdır. Yəni SİMA gömrük platforması deyil, elektron imza və identifikasiya vasitəsidir. Yeni qaydada əsas dəyişiklik də məhz bəyannamələrin elektron imza ilə təsdiqlənməsidir", - deyə o qeyd edib.