Turizm sektorunda geriləmə: Səbəb nədir?
İqtisadiyyat
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin və Dövlət Sərhəd Xidmətinin məlumatları əsasında yaydığı hesabata görə, cari ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Azərbaycana gələnlərin 28,1 faizini Rusiya, 21 faizini Türkiyə, 8,2 faizini İran, 4,9 faizini Gürcüstan, 4,6 faizini Qazaxıstan, 3,2 faizini Özbəkistan, 2,9 faizini Pakistan, 2,8 faizini Hindistan, 2,6 faizini İsrail, 2,4 faizini Çin, 1,8 faizini Səudiyyə Ərəbistanı, 1,6 faizini Ukrayna, 1,3 faizini Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya vətəndaşları təşkil edib. Digər ölkələrin payı isə 12,4 faiz olub. Ölkəyə gələnlərin 68,7 faizi kişilər, 31,3 faizi isə qadınlar olub.
Bəs turist axının azalmasına səbəb nədir?
Məsələ ilə bağlı News24.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, turist axınının azalması turizm sektorunun digər göstəricilərinə də birbaşa təsir edib:
"Turistlərin xərclərinin azalması fonunda ölkənin turizmdən əldə etdiyi gəlirlər də aşağı düşüb. Eyni zamanda, otellərdə gecələmələrin sayı və hotel gəlirlərində də təxminən 4 faizlik azalma müşahidə olunub. Əsas problem Azərbaycanın regional turizm bazarında rəqabət qabiliyyətinin zəifləməsidir. Azərbaycan daha çox turist cəlb etmək üçün rəqabətə davamlı və əlçatan turizm istiqamətinə çevrilməlidir. Bunun üçün ölkəyə səfər edən turistlərə daha sərfəli şərtlər təqdim olunmalıdır".
Ekspertin sözlərinə görə, turpaketlərin qiymətində ən böyük payı nəqliyyat xərcləri tutur:
"Hazırda Azərbaycana uçuş biletləri turpaketin ümumi dəyərinin 40–45 faizini təşkil edir. Halbuki əksər turizm istiqamətlərində bu göstərici 20–30 faiz arasında dəyişir. Məhz yüksək aviabiletlər Azərbaycanın turizm bazarında rəqabət imkanlarını zəiflədir və ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycanın mühüm üstünlükləri də var. Ölkədə təhlükəsizlik və sabitlik təmin olunub, hotel və restoran qiymətləri isə bir çox turist üçün münasib hesab edilir. Lakin bu üstünlüklər yüksək nəqliyyat xərclərinin yaratdığı mənfi təsiri tam kompensasiya etmir.
Ekspert əlavə edib ki, son dövrlər Körfəz ölkələri, İran, İsrail, Pakistan və Hindistandan gələn turistlərin sayının azalması da ümumi statistikaya mənfi təsir göstərib. Onun sözlərinə görə, gələcəkdə Orta Asiya ölkələri, Türkiyə, Şərqi Avropa bazarları ilə yanaşı, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrdən turist axınının artırılması üçün daha fəal təşviq və əlverişli şərtlər yaradılmalıdır.