Vətəndaşlar “myGov”dan səsli mesajla xidmətləri əldə edə biləcəklər - Rəşad Həsənov

Vətəndaşlar “myGov”dan səsli mesajla xidmətləri əldə edə biləcəklər - Rəşad Həsənov İqtisadiyyat

"Rəqəmsallaşma istiqamətində atılan ilk addımlardan biri müvafiq data mərkəzlərinin yaradılmasıdır. Hazırda bu sahədə kifayət qədər keyfiyyətli işlər həyata keçirilir".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə dövlət qurumlarının məlumat bazalarından istifadə etməklə rəqəmsallaşma mərkəzlərinin yaradılması üzrə işlərə başlanılıb: Artıq “e-Sosial” və “e-Təbib” tətbiqlərinin xidmətləri mərhələli şəkildə “myGov” platformasına inteqrasiya olunub. İlin sonunadək daha 7 tətbiqin də fəaliyyətinin dayandırılaraq xidmətlərinin “myGov” üzərindən təqdim edilməsi planlaşdırılır. Bu inteqrasiya vətəndaşlara hər hansı xidməti və ya prosesi başlanğıcdan sonadək vahid platforma üzərindən izləmək və idarə etmək imkanı yaradacaq.

Bundan əlavə, “myGov” platformasında süni intellektə əsaslanan çatbotun beta (sınaq) versiyası istifadəyə verilib. Yaxın zamanda vətəndaşlar “myGov” vasitəsilə səsli mesaj göndərərək ehtiyac duyduqları xidmətləri əldə edə biləcəklər. Eyni zamanda, bir çox dövlət qurumunda süni intellekt texnologiyalarının tətbiqi istiqamətində də işlər davam etdirilir".