Azərbaycanlı təşkilatçı 8 il azadlıqdan məhrum edildi - FOTO
    • 18-02-2019, 17:42
    • 1 078

Azərbaycanlı təşkilatçı 8 il azadlıqdan məhrum edildi - FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Vəlizadə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyini vəd edib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

//Oxu.az