Elinanın ölümü ilə bağlı YENİLİK
    • 1-05-2019, 12:59
    • 2 040

Elinanın ölümü ilə bağlı YENİLİK

İntihar edən 14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyevaya ödənişsiz yardım göstərmək haqda müqavilə bağlayan vəkillər və nümayəndələr Azər Nağıyeva, Sevinc Əliyeva və Emin İsayev  prosesə cəlb olunublar.

Vəkillərin News24.az-a verdiyi məlumata görə, onlar 23.04.2019-cu il tarixdə intihar edən Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın hüquqlarının və qanuni maraqlarının müdafiəsini üzərlərinə götürərək hadisə ilə bağlı məlum olan bütün hallar, onu narahat edən məqamlar barədə ətraflı söhbət ediblər: “Bundan sonra Bakı şəhər Prokurorluğu tərəfindən zərər çəkmişin hüquqi varisinin vəkilləri və nümayəndələri kimi prosesə cəlb olunmuşuq. Hazırda Bakı şəhər Prokurorluğu tərəfindən Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və  314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə açılmış cinayət işi üzrə ibtidai istintaq aparılır”.

Qeyd edək ki, ibtidai istintaqın aparılması  müstəntiq E.Cəlilova həvalə olunub.  

Vəkillər bildiriblər ki, sözügedən cinayət işi ilə bağlı15 aprel 2019-cu il tarixdə 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova  Cinayət Məcəlləsinin 143 və  314.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub: “Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qəti-mkan tədbiri seçilib. Elinaın ölümündə digər şəxslərin, o cümlədən, ona tibbi yardım göstərən həkimlərin təqsirinin olub-olmaması məsələsinə gəlincə, deyək ki, ibtidai istintaq orqanından bu istiqamətdə araşdırmaların davam etdiyi bildirilib. Belə ki, cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması  (bu fakt danılmazdır) ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib. Müstəntiq bildirib ki, ekspert rəyindən həkimlərin məsuliyyət məsələsi də aydınlaşacaq”.

Vəkillər onu da bildiriblər ki, ekspert rəyi ilə tanış olduqdan sonra  onun  obyektivliyi barədə fikrlərini də geniş şəkildə bildirəcəklər: “Bu rəyin dolğun olması və həqiqəti əks  etdirməsi iş üzrə mühüm əhəmiyyət kəsb edir! Hazırda cinayət işi üzrə Bakı şəhər Prokuroluğu tərəfindən istintaq-əməliyyat tədbirləri davam etdirilir. Əksər məlumatlar vəkil və istintaq sirrinə aid olduğundan hələ ki, onlar barədə açıqlama verə bilmirik. Amma söz veririk ki, iş üzrə ədalətin bərqərar olması və Elinanın faciəvi ölümündə təqsirkar şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik!”

Hüquq mühafizəçiləri onu da qeyd edib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər gün onlarla əlaqə saxlayaraq işin gedişatı ilə maraqlanır, hər hansı qanunsuz halla rastlaşdiqları təqdirdə dərhal bu barədə ona məlumat vermələrini tələb edib.

Onu da deyək ki, intihar edən şagirdin atası Ədalət Hacıyev News24.az-a açıqlamasında istintaqın gedişi ilə bağlı dolğun məlumat ala bilməməsindən narahatlığını bildirib.