Yenə narkotikə - bu dəfə...
    • 4-05-2019, 11:17
    • 1 175

Yenə narkotikə - bu dəfə...

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, mayın 3-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.   

Daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini,  əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb. 

Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülüb.

Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılıb. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülüb. 

Daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılmış, ondan 450 qram marixuana götürülüb. 

Əldə edilən məlumat əsasında Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən  şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.