23 min manatlıq “Dirol”, gəlirli biznes təklifləri – Bakıda şok fırıldaq
Kriminal
Bakıda tanışlarına külli miqdarda zərər vurmaqla dələduzluq əməlləri törətmiş 1990-cı il təvəllüdlü Şahid Bayramov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham olunub.
Araşdırmalar göstərib ki, Ş.Bayramov 3 nəfərə müxtəlif vədlər verərək külli miqdarda pul alıb. Belə ki, A. Məmmədovdan Dağıstandan “Dirol” saqqızları gətirib satmaq adı ilə 23 000 manat alıb. S. Səfərovdən taksi şirkəti üçün avtomobil almaq adı ilə 40 000 manat ələ keçirib. T. Məmmədlidən isə “Rent a car” sərmayəsi, elektron cihaz və avtomobil sənədləşdirməsi adı ilə ümumilikdə 56 655 manat dələduzluq yolu ilə alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində məlum olub ki, Şahid Bayramov ali təhsillidir, subay olsa da 3 övladı var və onun adına hər hansı mülk aşkar edilməyib.
Məhkəmə Şahid Bayramovu 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməklə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bundan əlavə, 56 909 manat məbləğində vəsait T. Məmmədlidən alınaraq mülki iddianın təmin edilməsi üçün ödənilməsinə qərar verilib.
Yaşar Araz