Bacısının ərini ÖLDÜRDÜ - BAKIDA DƏHŞƏTLİ QƏTL
    • 27-11-2019, 12:56
    • 721

Bacısının ərini ÖLDÜRDÜ - BAKIDA DƏHŞƏTLİ QƏTL

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 45 yaşlı Şirinov Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, R.Şirinov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Rauf Şirinovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini, mərhumun qardaşı isə R.Şirinova ömürlük cəza verilməsini istəmişdi. İttihama görə, R.Şirinov 47 yaşlı Ramiz Məmmədovu qətlə yetirib.

Mərhum R.Məmmədov R.Şirinovun bacısı ilə ər-arvad münasibətində olub, həmçinin qohum da olublar. R.Məmmədov R.Şirinovun evinə qonaq gəlib. Bu zaman R.Məmmədov həyat yoldaşı- Raufun bacısı ilə mübahisə edib.

Mübahisə zamanı Ramizin həyat yoldaşına söyüş söyməsini qəbul etməyən Rauf bunun qisasını almaq istəyib.

Bu məqsədlə də "Vinçestr" markalı odlu silahını götürərək R.Məmmədovun iş yerinə gedib. Əvvəlcə orada mübahisə ediblər. Daha sonra söhbəti kənar yerdə davam etdirməyə razılaşıblar.

İyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında mübahisəni davam etdiriblər. Bu zaman R.Şirinov qohumunun avtomobilinin qarşısını kəsərək onu güllələyərək qətlə yetirib.

Qarın və ayaq nahiyəsindən iki güllə yarası alan R.Məmmədov 3 saylı klinik xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən Ramiz Məmmədov MMC-lərin birinin rəhbəri imiş. “84” və “113” nömrəli marşrut xətləri R.Məmmədova məxsus olub.

Hadisədən sonra qaçan R.Şirinov bir neçə gün sonra saxlanılıb.

R.Şirinov "Hozu" ləqəbi ilə tanınırmış.

R.Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.