Bakıda 3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbərinin apellyasiya şikayəti TƏMİN EDİLMƏDİ
    • 4-01-2020, 17:31
    • 741

Bakıda 3,2 milyon manatlıq dələduzluq edən şirkət rəhbərinin apellyasiya şikayəti TƏMİN EDİLMƏDİ

Bakı Apellyasiya Məhkəməsində "İdeal-V” tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə aparılıb.
İttihama görə, təqsirləndirilən şəxslər Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.