Qayınata 4 uşaq anası olan gəlinini BALTALADI

Qayınata 4 uşaq anası olan gəlinini BALTALADI
KRİMİNAL

09 aprel 2020, 10:56

Mətn ölçüsü

Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Firdovsi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Firdovsi Məhərrəmov gəlini, 1989-cu il təvəllüdlü Cəmilə Məhərrəmovanı ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.

Xəzər Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Daha sonra F.Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb və dindirilən zaman törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ailəli olan C.Məhərrəmovanın 4 uşağı var. /Report/