Dəfələrlə məhkum olunmuş şəxs YENİDƏN SAXLANILDI
    • 29-04-2020, 10:19
    • 710

Dəfələrlə məhkum olunmuş şəxs YENİDƏN SAXLANILDI

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib. O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman  14,22 qram qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.