Arvadına görə dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI

Arvadına görə dəmirçini bıçaqladı: Binədəki insidentin TƏFƏRRÜATI Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına görə bir nəfəri bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə şahid E.Ə.-nin ilkin istintaq zamanı verdiyi ifadə elan olunub. Şahid ifadəsini oxumadan qol çəkdiyini bildirib. Daha sonra şahid E.Ə. məhkəmənin və vəkillərin suallarını cavablandırıb.

Zərərçəkən Şahpur Cəfərov "Bu adamı (təqsirləndirilən Nizami Əliyevə işarə edir) azadlığa buraxmayın. Mənim qanım çöldə qalmayıb. Bunların hamısı üstümə düşüb məni döyürdü. Böyrümün isindiyini hiss edib geri dönəndə bıçağı E.Ə.-nin əlində gördüm" - deyə məhkəməyə səslənib.

Şahid E.Ə. verilən suallara "yadımda deyil, xatırlamıram" kimi cavablar verib.

Məhkəmə E.Ə-nin istintaq zamanı verdiyi ifadəsini elan edib:

"Atamla əminin evinə getdik. Sonra hamımız maşına minib Şahpurun dəmir sexinə getdik. Çatanda Nizami əmim maşından düşüb sexə getdi. Mən maşından düşmədim. Əmimin gəldiyini görüb maşından düşdüm. Əmimin əlində tünd qəhvəyi dəstəkli bıçaq vardı".

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nizami Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 30 iyuna təyin olunub.

Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Nizami Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə məsuliyyətə cəlb olunub./Lent.az /