Azərbaycanda 3 nəfərin öldüyü hadisənin təfərrüatı – 2 nəfər həbs edildi
Kriminal
Mingəçevir şəhəri, Samux küçəsində baş verən və 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, “Mercedes” və “QAZ-31” markalı avtomobillərin toqquşması ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törədən sürücülər – “Mercedes”i idarə edən Ülvi Hətəmov və digər avtomobili sürən Əhməd Əhmədov özlərini təqsirli bilməyiblər. Ü. Hətəmov bildirib ki, hadisə günü dostunun doğum gününü qeyd etmək üçün tanışları ilə Xan bağı adlanan yerə gedirmiş və “QAZ-31” markalı maşın Samux küçəsində qəfil manevr edərək onu vurub. Ə. Əhmədov isə qəzaya səbəb kimi Ülvini göstərərək onun saatda 175 kilometr sürətlə sürdüyünü iddia edib.
Məhkəmə hər iki sürücünün həbsinə qərar verib. Onlar Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək hər birinə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Sürücülər ötən həftə məhkəmə zalında həbs ediliblər.
Qeyd edək ki, qəza nəticəsində “Mercedes”də olan və atası ilə birgə ad günü məclisinə gedən 13 yaşlı Turan Rəsulzadə, eləcə də digər maşında olan 1962-ci il təvəllüdlü Yolçu Cavadov və 1983-cü il təvəllüdlü Azər Manafov həlak olublar.
Yaşar Araz