Azərbaycanda bu həkimin fəaliyyəti qadağan edildi - Elektron qolbaq taxıldı

Azərbaycanda bu həkimin fəaliyyəti qadağan edildi - Elektron qolbaq taxıldı Kriminal

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölməsi ilə bağlı təqsirli bilinən Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, məhkəmə N.Mahmudovanı Cinayət Məcəlləsinin 313 və 314-cü maddələri üzrə təqsirli hesab edib. İşə hakim Füzuli Pənahov baxıb və N.Mahmudova barəsində ittihamedici hökm çıxarılıb.

Bildirilib ki, Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Mahmudova dölün ana bətnində ölə biləcəyini müəyəyn etməyərək ananı təbii doğuşa yönləndirib. Lakin döl ana bətnində doğuş zamanı ölüb. Daha sonra cərrahi üsulla döl bətndən xaric edilib. Bundan sonra N.Mahmudova uşağın guya ölü doğulduğunu sənədləşdirib. Halbuki G.Ağayeva xəstəxanaya daxil olarkən dölün vəziyyəti ilə bağlı hər hansı problem olmayıb.

O da qeyd edilib ki, 1956-cı il təvəllüdlü N.Mahmudova 2022-ci ildə Sabirabad RMX-nin Doğum şöbəsinə mamaginekoloq vəzifəsinə qəbul edilib. 2023-cü ildə Doğum şöbəsinin şöbə müdiri vəzifəsinə keçirilib. Bir neçə ay sonra isə Sabirabad Perinatal Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq ona həvalə edilib.

Məhkəmənin hökmü ilə N.Mahmudova Məcəllənin 313 və 314-cü maddələri üzrə təqsirli bilinib. Onun 1 il müddətə mama-ginekoloq fəaliyyətilə məşğul olması qadağan edilib. Həmçinin 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 70 yaşlı həkimə elektron qolbaq taxılıb və üzərinə məhdudlaşdırıcı vəzifələr qoyulub.

Yaşar Araz