Azərbaycanda nazirlik əməkdaşı həbs edildi – Bu səbəbdən

Azərbaycanda nazirlik əməkdaşı həbs edildi – Bu səbəbdən Kriminal

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İnfrastruktura dəstək şöbəsinin Elektrik infrastrukturuna xidmət bölməsinin əməkdaşı 1992-ci il təvəllüdlü Nicat Məmmədov həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini olan N.Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu (Dələduzluq və Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə iş açılıb.

Müəyyən edilib ki, Nicat özünü yüksək vəzifəli şəxs kimi təqdim edib və Türkiyə vətəndaşı Muhammet Cili vəzifəyə təyin etdirəcəyinə söz verərək 12 min manat alıb. O, Söhrab adlı şəxsdən isə eyni yolla 10 min manat alaraq ələ keçirib.

Şikayətçilər Nicatın onlara qarşı dələduzluq etməsi barədə polisə müraciət etdikdən sonra araşdırmalar başlanılıb. Nicatın əslində vəzifəli şəxs olmadığı, texniki əməkdaş olması məlum olub.

N.Məmmədov barəsində toplanmış materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib.

Yaşar Araz