Azərbaycanda qadın biznesmenə qarşı şok fırıldaq - “Bitkoin”in atası tutuldu
Kriminal
Bakıda qadın sahibkara qarşı dələduzluq edərək külli miqdarda vəsaitini ələ keçirən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayonunun Papravənd kənd sakini, 1981-ci il təvəllüdlü S.Səfərov (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, Tərtər rayonunda yerləşən “Tərtər” İstirahət Mərkəzini işlədən Aynurə adlı qadın, müğənni tanışı Elnurə Məmmədova vasitəsilə Samir adlı şəxslə tanış olub. Samir ona yüksək gəlir vədi ilə iş qurmağı təklif edib. O, 50 min dollar yatırım edəcəyi halda bir neçə gün sonra 150 min dollar geri qaytaracağını deyib. Vəsaiti “Bitcoin” kriptovalyutasına yönləndirəcəyini, onlayn birjalardan böyük qazanc əldə edəcəklərini bildirib. Hətta özünü Aynurəyə “Bitkoinin atası” kimi təqdim edib.
Lakin sonradan pulun kriptovalyutaya yatırılmadığı üzə çıxıb və vəsaitin mənimsənildiyi müəyyən edildikdən sonra sahibkar polisə müraciət edib.
Saxlanılan Samir ifadəsində aldığı vəsaiti dostu Sarvan Süleymanov vasitəsilə Kolumbiyadan enerji içkiləri gətirilməsi biznesinə yönəltdiyini, lakin Sarvanın vəfatından sonra layihənin iflasa uğradığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclaslar zamanı Samir Aynurədən aldığı pulu geri qaytarıb. Bu səbəbdən qadın sahibkar məhkəməyə barışdığını təsdiqləyən ərizə təqdim edib.
Məhkəmənin 13 noyabr 2025-ci il tarixli hökmü ilə Samirə şərti cəza verilib və o, azadlıqda qalıb.
Yaşar Araz