Azərbaycanda qorxunc hadisə - Gecə qadının evinə pəncərədən girmək istəyən şəxs tutuldu

Azərbaycanda qorxunc hadisə - Gecə qadının evinə pəncərədən girmək istəyən şəxs tutuldu Kriminal

Lerik rayonunda qonşuluqda yaşayan qadını narahat edən şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında rayon mərkəzində baş verib.

Daxili İşlər Nazirliyinin “102” Xidməti ilə əlaqə saxlayan qadın qonşuluqda yaşayan Elnur adlı şəxsin onu və ailə üzvlərini narahat etdiyini, onun evinə daxil olmağa cəhd göstərdiyini bildirib. Keçirilən tədbirlər nəticəsində həmin şəxs saxlanılıb.

Zərərçəkmiş qadın qeyd edib ki, Elnur həbsxanadan çıxdıqdan sonra onu mütəmadi narahat etməyə başlayıb:

“Bir müddət əvvəl həyət yoldaşımdan ayrılmışam, iki övladım və anamla birlikdə Lerik şəhərində kirayədə yaşayırıq. Elnur bizim küçədə, qonşuluqda yaşayır. Onu tanımıram, heç bir münasibətim yoxdur. 10 fevral 2026-cı il tarixdə gecə vaxtı televizora baxdığımız zaman evdə işıqlar söndü. Səbəbini öyrənmək üçün bayıra çıxdım. Gördüm, digər qonşuların işıqları yanır, yalnız bizim işıqlarımız sönüb. Sayğaca baxdıqda isə işığın sayğacdan söndürüldüyünü bildim. Elnur həbsxanadan çıxdıqdan sonra evimizdə işıqların sönməsi halı tez-tez baş verir, hər dəfə də çölə çıxıb səbəbinə baxmaq istədikdə, Elnuru evimizin ətrafında görürmüşəm. Bu dəfə də işığı sayğacdan yandırıb heç kimlə işimizin olmadığını, kimin niyə belə hərəkət etdiyini bilmədiyimi dedim. Sonra Elnur yaxınlaşıb həmin sözləri kimə dediyimi soruşdu. Mən də işığı qəsdən söndürənə dediyimi bildirdim. O da cavabında mənə "gözlə, sən" dedi. Onun sözlərinə əhəmiyyət verməyib oğlumla birgə evə tərəf addımladım. Bu zaman Elnur arxamca nalayiq ifadər işlətdi, sonra ardımızca həyətə girdi. Biz cəld evə girib qapını bağladıq. Elnur növbəti dəfə sayğacdan işıqlarımızı söndürdü. Uşaqlarım evdə qorxmuşdu. Mən və anam çölə çıxıb ona getməsini desək də Elnur qapının qarşısında dayanaraq ucadan nalayiq ifadələr işlədirdi. Bu səbəbdən 102 xidmətinə yığaraq polisə müraciət etdim. Daha sonra Elnur anamla danışarkən pəncərədən evə girməyə çalışdı. Biz pəncərəni bağlayıb onun evə daxil olmasına imkan vermədik. Onun əlində bıçaq var idi. Daha sonra polis əməkdaşları gəlib onu apardı”.

Məhkəmənin qərarı ilə Elnur adlı şəxs 10 sutkalıq həbs edilib.

Yaşar Araz