Azərbaycanda sifarişli qətl: Azadlığa çıxan qatil yenidən saxlanıldı - FOTO
Kriminal
Polis əməkdaşları Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanovu saxlayıb.
News24.az-ın əldə etdiyi məlumata görə, onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.
Qeyd edək ki, Göygöl sakini olan Şahvələd İmanov həbsdən yeni çıxıbmış. Belə ki, o, 2013-cü ildə iranlı iş adamını sifarişlə öldürməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sözügedən cinayət hadisəsi 2013-cü ilin may ayında baş verib. "Şəms" MMC firmasının sahibi Mirəli Həqzadə yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən 23 bıçaq zərbəsi almaqla ağır yaralanıb. Yaralı xəstəxanada əməliyyat olunsa da, gecə saatlarında müəmmalı şəkildə dünyasını dəyişib. Hadisədən bir qədər sonra mərhumun sifarişlə qətlə yetirildiyi məlum olub. Qətlin sifarişçisinin əslən Qərbi Azərbaycandan olan 1966-cı il təvəllüdlü Aydın Aslan oğlu Rüstəmov, icraçının isə onun həmyerlisi, əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Şahvələd Mürsəl oğlu İmanov olduğu müəyyənləşib. Hadisədən sonra Ş.İmanov yaşadığı Göygöl rayonuna qaçıb. Lakin çox keçməyib ki, o, həbs olunub. İlkin dindirilmə zamanı sifarişçinin A.Rüstəmov olması müəyyənləşib.
İstintaq zamanı müəyyənləşib ki, A.Rüstəmov 1996-cı ildən etibarən M.Həqzadə ilə dərman preparatlarının satışı ilə bağlı kommersiya fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin əvvəllərindən 2013-cü ilədək müxtəlif vaxtlarda M.Həqzadədən "Şəms" MMC firmasının nizamnaməsində dəyişiklik etməklə, onu firmanın müəyyən bir hissəsinə rəsmi payçı kimi rəsmiləşdirməsini tələb edib. Lakin M.Həqzadə onun tələblərini rədd edib. Bundan sonra A.Rüstəmov M.Həqzadəni aradan götürtmək qərarına gəlib.
Ş.İmanov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İmanov 2013-cü ildə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Yaşar Araz