Azərbaycanda işdən çıxan məmuru aldadıb 35 min manat aldılar – HƏBS EDİLƏN VAR

Azərbaycanda işdən çıxan məmuru aldadıb 35 min manat aldılar – HƏBS EDİLƏN VAR Kriminal

Şamaxı rayonunda vətəndaşa qarşı dələduzluq edilib və onun 35 min manatı ələ keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Nicat M. hüquq-mühafizə orqanlarına müraciət edərək Xəyal və Zahid adlı şəxslərin onu aldadaraq böyük məbləğdə pulunu ələ keçirdiklərini bildirib.

O qeyd edib ki, həmin şəxslər onu vəzifəyə təyin etdirəcəklərini söyləyərək pulları Şamaxı rayonunun Avaxıl kəndində yerləşən “Pirqulu” restoranında alıblar.

Araşdırmalar zamanı məlum olub ki, Nicat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şamaxı rayon İcra və Probasiya şöbəsində böyük icra məmuru vəzifəsində çalışıb və bir müddət əvvəl işdən çıxıb. Bundan sonra Zahid və Xəyal ona bildiriblər ki, SOCAR şirkətinin bir departamentində rəis müavini vəzifəsinə düzəldə bilərlər və bunun üçün pul tələb olunur. Nicat da həmin vəsaiti qarşı tərəfə verib.

Zahid S. ifadəsində bildirib ki, alınan pullar ona çatmayıb və özünə heç bir vəsait götürməyib. Xəyal barəsində isə Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə iş açılıb.

Şamaxı rayon Məhkəməsinin 21.01.2026-cı il tarixli hökmü ilə Xəyal 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaşar Araz