Bacısı oğluna işgəncə verən qadının həbs müddəti uzadıldı
Kriminal
Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzovanın həbs müddəti uzadılıb.
News24.az xəbər verir ki, bu barədə qərar Bakı şəhər Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Qərara əsasən, Günay Novruzovanın həbsi 3 ay 14 gün müddətinə uzadılıb.
Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib. Günay Novruzovaya qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (iki və ya daha çox şəxsə qarşı, habelə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə) və 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. (Unikal)