Bakıda 15 yaşlı qızla evlənmiş şəxs onu öldürmək istədi

Bakıda 15 yaşlı qızla evlənmiş şəxs onu öldürmək istədi Kriminal

Bakıda qətl törətməyə cəhd göstərmiş Şəmkir rayonu Təzəkənd kənd sakini 2001-ci il təvəllüdlü İlkin Ələkbərovun məhkəməsi başa çatıb.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarında Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. İlkin Ələkbərov həmin gün Bakıda xalasının yanında qalan 2007-ci il təvəllüdlü Şəbnəmə hücum edib. Onun boğaz, boyun və digər nahiyələrinə bıçaqla 7 dəfə kəsici zərbələr endirməklə öldürməyə çalışıb. 18 yaşlı qız vaxtında zəruri tibbi yardım göstərildiyi üçün sağ qalıb.

Bundan sonra İlkin Ələkbərov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 29.120.2.4 və 152-ci maddələri, yəni xüsusi amansızlıqla adam öldürməyə cəhd və 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma maddələrinə əsasən iş açılıb.

Məlum olub ki, İlkin Şəbnəmlə 2022-ci ildə tanış olaraq qeyri-rəsmi evlənib. Bundan sonra onların övladı dünyaya gəlib. Lakin ailədaxili zorakılıq səbəbindən qız daha sonra Bakıya xalasının yanına köçüb.

İlkin isə qısqanclıq səbəbindən qızdan əl çəkməyib və onu qətlə yetirmək qərarına gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə İlkin Ələkbərov 11 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Yaşar Araz