Bakıda gənc qızı şantaj edərək hotelə aparan şəxs həbs edildi

Bakıda gənc qızı şantaj edərək hotelə aparan şəxs həbs edildi Kriminal

Bakıda gənc qızı şantaj edən və hotelə apararaq cinsi əlaqəyə məcbur edən şəxs həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunun Ərəş kəndində anadan olmuş və paytaxtın Kürdəxanı qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Ümid Məmmədli cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178 və 182-ci maddələri (dələduzluq və şantaj) üzrə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məlum olub ki, Ümid tanış olduğu Sevda (şərti ad) adlı qızın etibarından sui-istifadə edib. O, qadına “Manato” onlayn şəbəkəsindən götürdüyü krediti pulsuz sildircəyinə dair söz verərək inandırıb və bu məqsədlə Sevdadan 3600 manat pul alıb. Lakin krediti bağlatmayan Ümid qadını şantaj edərək daha çox pul almağa qərar verib.

O, Sevdanın çılpaq görüntülərini əldə etdikdən sonra başqa telefon nömrəsindən yazaraq şantaj etməyə başlayıb, guya başqa şəxs olduğunu və görüntüləri əldə etdiyini bildirib. Sevda bu əməllərin Ümid tərəfindən törədildiyini düşünərək ondan videoların silinməsini xahiş edib. Ümid isə guya başqa şəxsə videoları sildirəcəyini deyərək ondan hədə-qorxu yolu ilə hissə-hissə 2300 manat pul alıb. Həmçinin qadını hotelə apararaq cinsi əlaqəyə məcbur edib.

Ümidin hədələrindən bezən qadın pulu bitirdikdən sonra polisə müraciət edib və cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən həftə verdiyi hökmlə Ümidi qeyd edilən maddələr üzrə təqsirli hesab edərək 6 il müddətinə azadlıqdan məhrum edib.

Yaşar Araz