Bakıda kriminal avtoritetin güllələnmə anı! - Quda olan iki dostun faciəli sonu - VİDEO
Kriminal
Bakıda ailələr arasında uzun müddətdir davam edən münaqişə iki qətllə nəticələnib.
News24.az-ın məlumatına görə, ilk hadisə 2023-cü il noyabrın 1-də Xəzər rayonunun Şağan qəsəbəsində baş verib. Bakı sakini, 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev könüllü şəkildə polisə gələrək tanışı Cavanşir Abdullayevi öldürdüyünü etiraf edib.
İstintaqla müəyyən olunub ki, Pərviz Xudaverdiyev əmisi oğlu Seymur Xudaverdiyevin idarə etdiyi avtomobillə Şağana gəlib. O, qisas məqsədi ilə üzərində gəzdirdiyi "Naqan" markalı revolverdən Cavanşir Abdullayevə yaxın məsafədən iki dəfə atəş açaraq onu öldürüb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina etsə də, istintaq zamanı bildirib ki, hadisədən bir neçə gün əvvəl sosial şəbəkədə ailə üzvlərini təhqir edən videonu gördükdən sonra bu addımı atıb. Onun sözlərinə görə, videonun Cavanşir Abdullayevin sifarişi ilə yayımlandığını düşünüb.
İfadələrə əsasən, ailələr arasında münaqişə Cavanşir Abdullayevin oğlu ilə Pərviz Xudaverdiyevin qardaşı qızının boşanma prosesi zamanı yaranıb. Məhkəmədə dindirilən zərərçəkmişin hüquqi varisi Ruhulla Abdullazadə sonradan təqsirləndirilən şəxslərlə barışdığını və şikayətçi olmadığını bildirib.
Lakin bu cinayət işi üzrə məhkəmə araşdırması davam etdiyi vaxt növbəti qanlı hadisə baş verib.
2024-cü il avqustun 7-də Ruhulla Abdullazadə 102 xidmətinə zəng edərək Mərdəkan çimərliyində Amin Xudaverdiyevi odlu silahla öldürdüyünü bildirib.
İstintaq müəyyən edib ki, Ruhulla Abdullazadə ov tüfəngi ilə dənizkənarında istirahət edərkən Amin Xudaverdiyevə yaxınlaşaraq ona dəfələrlə atəş açıb. Ekspertiza Amin Xudaverdiyevin bədənində altı güllə yarası aşkar edib.
Məhkəmədə Ruhulla Abdullazadə bildirib ki, atası Cavanşir Abdullayevin öldürülməsindən sonra qisas almaq qərarına gəlib. Onun sözlərinə görə, bir müddət Amin Xudaverdiyevi izləyib və münasib fürsətdə onu öldürüb.
Hüquqi varis Şahin Xudaverdiyev də məhkəmədə Ruhulla Abdullazadədən şikayətçi olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhulla Abdullazadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.
Digər hökmə əsasən, Pərviz Xudaverdiyev qəsdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə 12 il, hadisədə iştirakda təqsirli bilinən Seymur Xudaverdiyev isə 9 il müddətinə azadlıqdan məhrum olunub.