Bakıda qızı xəstəlikdən əziyyət çəkən atadan şok dələduzluq - Təfərrüat

Bakıda qızı xəstəlikdən əziyyət çəkən atadan şok dələduzluq - Təfərrüat Kriminal

Bakıda sosial şəbəkədə tanış olduğu qadının 20 min manatdan artıq pulunu ələ keçirən şəxsə cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Solmaz Cəbiyeva (soyad şərtidir) adlı qadının pulunu dələduzluq yolu ilə alan 1986-cı il təvəllüdlü Sabir Məmmədzadəyə hökm oxunub.

Araşdırmalar göstərib ki, 2023-cü ildə Solmaz adlı qadın “Facebook” sosial şəbəkəsində “Samir” adlı şəxslə tanış olub. Həmin şəxs özünü iş adamı kimi təqdim edərək çoxlu yük maşınlarının olduğunu və bu sahədə yaxşı qazanc əldə ediləcəyini bildirib.

Daha sonra “Samir” Solmaza yük maşını almaq və icarəyə verməklə pul qazanmaq vədi ilə onun pulunu hissə-hissə alıb. Nəticədə qadının 20 min manatdan artıq pulu ələ keçirilib. Pulların itirildiyini görən Solmaz polisə müraciət edib və məlum olub ki, “Samir”in əsl adı Sabir Məmmədzadədir və heç bir yük maşını yoxdur.

Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. O bildirib ki, övladı qan xəstəliyindən əziyyət çəkir və onu özəl tibb müəssisəsində müalicə etdirmək üçün vəsaitə ehtiyacı olub. Aldadaraq əldə etdiyi pulları da qızının müalicəsinə xərclədiyini deyib.

Məhkəmədə Solmaz Cəbiyeva ona qarşı törədilən dələduzluğu bağışladığını bildirib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə övladı xəstə olan ataya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib.

Yaşar Araz