Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları

Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları Kriminal

Bakıda 60 yaşlı dayısını qətlə yetirən şəxsə hökm oxunub.

News24.az istintaq materiallarına istinadən xəbər verir ki, hadisə avqustun 19-da "8 noyabr" prospekti 67/27 ünvanında yerləşən fərdi evdə baş verib. Dəhlizdəki masanın yanında arxası üstə, uzanıqlı vəziyyətdə üzərində zorakılıq əlamətləri olan 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun meyiti aşkar edilib.

Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Firdovsi Həsənovun ölümünə - qaraciyərin yaralanması nəticəsində müşayiət olunan kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, avqustun 18-i gecə saat 2 radələrində 1993-cü il təvəllüdlü Rəhim Qasımov dayısı Firdovsi Həsənovun tək yaşadığı ünvana gəlib. O, hasardan tullanaraq, içəri daxil olub. Aralarındakı soyuq münasibəti aradan qaldırmaq üçün yataq otağında yatmış dayısını yuxudan oyadaraq onu görməyə gəldiyini deyib. Firdovsi Həsənov sərxoş vəziyyətdə olduğundan döşəməyə yıxılaraq, yüngül xəsarət alıb.

Qonaq otağına keçəndən sonra dayısı Rəhim Qasımovun və anası Arzu Həsənovanın ünvanına söyüş söyərək, evdən çıxıb getməsini tələb edib. Aralarında yaranmış mübahisə zamanı Rəhim Qasımov masanın üzərindən götürdüyü bıçaqla Firdovsi Həsənovun döş qəfəsinə bir dəfə zərbə vurub. Bu hərəkəti ilə o, zərərçəkmişi qəsdən öldürüb.

İş üzrə dindirilmiş Rəhim Qasımov bildirib ki, Maştağa qəsəbəsində anası ilə birlikdə yaşayıb. Atası İlqar və qardaşı Müzəffər vəfat ediblər. Orta məktəbdən sonra müxtəlif yürlərdə kassir, kuryer, avtoyuyucu məntəqəsində fəhlə işləyib. 2014-cü ildə narkotik istifadə etdiyinə görə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həbs edilib və məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Amnistiya aktına əsasən, 2016-cı ilin iyul ayında azadlığa buraxılılıb. Həmin il oktyabrın 14-də yaşadığı evin yaxınlığında mübahisə zamanı bir nəfəri bıçaq zərbəsi ilə yaralayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 126-cı maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.

2022-ci il oktyabrın 15-də cəzasını tam çəkib, azadlığa çıxıb. Fərdi əməklə məşğul olmaqla dolanıb. 2025-ci il mayın 14-də 14-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə və evə baxış keçirilib. Ondan metamfetamin adlı psixotrop maddə və elektron tərəzi aşkar edilib. Sabunçu RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb, məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Dayısı Firdovsi Həsənov maşın ustası işləyib. Rəhim Qasımov bildirib ki, soyuq münasibətlərinə son qoymaqdan ötrü 2025-ci il avqustun 17-i saat 23 radələrində yaşadığı evdən çıxaraq 172 saylı avtobusla “Koroğlu” metrostansiyasının qarşısına gəlib. Metro ilə “28 May” stansiyasına, ordan da avtobusla "8 noyabr" prospektinə gedib. Nəhayət, avqustun 18-i gecə saat 2 radələrində dayısının evini tapıb. Döysə də, qapını heç kim açmayıb. Hasardan həyətə tullanıb. Yataq otağına keçəndə, Firdovsinin çarpayıda yatdığını görüb. Dayısını bir neçə dəfə çağıraraq, bacısı oğlu Rəhim olduğunu və onu görməyə gəldiyini söyləyib.

Ünvanına söyüş söyən dayısı ilə aralarında mübahisə yaranıb. Qonaq otağında masada olan bıçağı götürüb, onun döş qəfəsinə zərbə vurub. Firdovsinin öldüyünü görərək, meyiti sürüyüb otağdan çıxarıb və hamam otağının girişində qoyub. Cinayətin izini itirmək məqsədi ilə dayısının istifadə etdiyi mobil telefonunu və bıçağı özü ilə götürüb. Geri qayıtmaq üçün yol pulu lazım olduğundan, şüşə qabın içərisindən 12 manat götürərək cibinə qoyub. Evdən çıxıb, piyada gedərkən, yolun sağ tərəfində, hasarın dibində bıçağı basdırıb. Bir az irəlidə isə telefonu sındırıb. Evdə pivə içdiyi stəkanı xatırlamadığı yerə atıb. Taksi ilə evə qayıdıb. Avqustun 20-də, ayağında ağrılar olduğu üçün heç yerə getməyib. 37-ci PŞ-nin əməkdaşları gələrək, hadisə ilə əlaqədar onu sorğu-sual ediblər. Törətdiyi cinayəti etiraf edib.

Məhkəmə iclasında Rəhim Qasımov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadə verməkdən imtina edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qumruxanım Həsənova ifadəsində göstərib ki, 1998-ci ildə Firdovsi Həsənovla rəsmi nigaha daxil olub, onların övladı olmayıb. Firdovsi bacısının əri Cavanşir Əhmədovla birlikdə Xırdalan şəhərində yerləşən sexdə avtomobil ustası işləyib. Bir ara işləmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. 2019-cu ildə Bakıya qayıdandan sonra Firdovsi Xətai rayonunda, o isə anası ilə birlikdə Yasamal rayonunda yaşayıb. Ayrı yaşamaqlarına baxmayaraq, tez-tez telefonla danışıblar və görüşüblər. 2024-cü ildən Firdovsi adını bilmədiyi şirkətdə yük avtomobilinin sürücüsü işləməyə başlayıb. 2025-ci il avqustun 19-da dəfələrlə mobil nömrəsinə zəng etsə də, yoldaşı cavab verməyib. Növbəti gün polis əməkdaşları Firdovsinin bacısı oğlu Rəhim Qasımov tərəfindən öldürüldüyünü xəbər veriblər. Rəhimin nə səbəbdən bu əməli törətdiyini bilməyib. O, təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Rəhim Qasımova verilmiş CM-nin 234.4.1-ci (qrup halında satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi xaric edilməlidir.

Məhkəmə qənaətə gəlib ki, Rəhim Qasımovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə), 234.4.3-cü ( satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, ev sahibinin iradəsi ziddinə mənzilə daxil olma) maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını xüsusi rejimli CÇM-də çəkməklə Rəhim Qasımov 17 il müddətinə azadlıqdan məhrum olunub.

Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları Barışmağa getmişdi, dayı qatili oldu - Xətaidəki dəhşətli qətlin detalları