Bakıda Türkiyə vətəndaşının şok fırıldağı üzə çıxdı – həbs edildi

Bakıda Türkiyə vətəndaşının şok fırıldağı üzə çıxdı – həbs edildi Kriminal

Bakıda Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Eren S. həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, o, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində saxlanılıb.

Müəyyən edilib ki, İstanbulda yaşayan Eren S. Türkiyədə cinayət törətdiyinə görə axtarışda olub. Bu səbəbdən o, izini itirmək məqsədilə sərhədi keçməyə qərar verib və qanuni yolla 2025-ci il iyulun 5-də Naxçıvana gəlib, daha sonra oradan təyyarə ilə Bakıya uçub. O, bir aydan artıq müddətdə paytaxtdakı müxtəlif hotellərdə qalıb. Bu müddətdə Eren S. saxta pasport əldə edib və həmin sənədlə Bakıdan Gürcüstana getmək, oradan isə qeyri-qanuni yolla Türkiyəyə keçmək istəyib.

Lakin Bakı–Batumi reysinə bilet alan zaman hava limanında sərhədçilər tərəfindən saxlanılıb. Onun pasportunun saxta olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri üzrə cinayət işi başlanıb.

Xəzər Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Eren S. 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaşar Araz