Baş mühasib falçıya 612 min manat veribmiş – şok faktlar

Baş mühasib falçıya 612 min manat veribmiş – şok faktlar Kriminal

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Rifah Qrup” MMC-nin 1 milyon manatlıq yeyintidə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilən baş mühasibi Samirə Zeynalova ilə bağlı maraqlı faktları üzə çıxarıb.

News24.az-ın əldə etdiyi məlumata görə, S. Zeynalovanın mənimsədiyi vəsaitin böyük hissəsini falçıya verdiyi məlum olub. Belə ki, baş mühasibin 612 min manat pulu hissə-hissə müxtəlif vaxtlarda Tovuz rayonundan olan Sahib adlı falçıya verdiyi müəyyənləşib. Lakin o, ifadəsində “Rifah Qrup”da işləməzdən əvvəl öz hesabından 612 min manat verdiyini iddia edib. Şahidlər isə onun falçı ilə əlaqələrinin şirkətdə işlədiyi dövrdə də davam etdiyini bildiriblər. S. Zeynalova qeyd edib ki, falçı ona uşağının sağalacağına və vəzifəyə irəliləyəcəyinə söz veribmiş.

Qeyd edək ki, hökmə əsasən, S. Zeynalova 8 il azadlıqdan məhrum edilib.

Xanım müttəhim isə ittihamları qəbul etməyib. O, “Rifah Qrup”un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz hərəkətlərindən xəbərdar olduğu üçün cəzalandırıldığını iddia edib.

S. Zeynalova bildirib ki, uçot bazasına görə, E. Əliyevin maliyyə dövriyyəsi 287 milyon manat təşkil edib, lakin 54 milyon manat sosial ödəmələrdən yayınmışdır. O, son sözlərində şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

Yaşar Araz