Cəzaçəkmə müəssisəsinə qayıtmayıb, növbəti gün adam öldürüb - Bakıdakı qətlin təfərrüatı

Cəzaçəkmə müəssisəsinə qayıtmayıb, növbəti gün adam öldürüb - Bakıdakı qətlin təfərrüatı Kriminal

Paytaxtda tanışını qətlə yetirən və iki gün öncə - avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Rauf Sadıqovun törətdiyi əməlin bir sıra maraqlı təfərrüatları məlum olub.

News24.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Rauf Sadıqov hadisəni törədərkən məhkum olub.

Belə ki, təqsirləndirilən şəxs bu cinayət hadisəsindən əvvəl 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən sağlamlığa ağır zərər vurduğuna görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, Ramin Sadıqovu cəzasının bitməsinə 3 ay qalmış öldürüb.

Raufun qətl zamanı azadlıqda necə gəzməsinə gəlincə, bəlli olub ki, o, 2020-ci ildəki hökmdən sonra cəzasını Bakıda cəzaçəkmə müəssisəsində çəkib. Lakin 2025-ci ildə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək o, Şabrana məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilib. Onun burada cəzaçəkmə müəssisəsindən kənarda nəzarətsiz hərəkət edilməsinə icazə verilib və ictiami iaşə obyektlərindən birində işləməsinə qanunla şərait yaradılıb.

Bu qərarın verilməsində onun rejim qaydalarına əməl etməsi, işə düzəlməsi ilə bağlı əmək müqaviləsi təqdim etməsi rol oynayıb.

Qərara əsasən, Rauf həftənin 6 günü səhər saat 8-də müəssisədən ayrılması, 19:00-da isə geri qayıtmalı idi. Lakin o, cümə günü müəssisəyə geri qayıtmayıb, azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən boyun qaçırıb.

Rauf Sadıqov həmin axşam cibində pul olmadığı üçün geri qayıda bilməyəcəyini deyib. Müəssisədən ona taksi pulu veriləcəyi deyilsə də, o bu fikirlə razılaşmayıb və tanışı ilə Bakıya üz tutub.

Bakıya gəldiyi günün səhəri isə Rauf Sadıqov qətl hadisəsi törədib. Cinayətə səbəb olan mübahisə isə mobil telefon üstündə baş verib. Belə ki, Rauf taksinin ödənişini etmək üçün öz telefonunu Raminə verib və pulu sayması üçün cihazın işığını yandırmasını istəyib. Taksidən düşəndən sonra isə Ramin Raufun telefonunu qaytarmayıb və bu, onun 45 yaşında bıçaqlanaraq öldürülməsinə səbəb olub.

Qeyd edək ki, hadisə ötən il dekabrın 26-da Xətai rayonu NZS qəsəbəsində baş verib. /Xitab24.az