Dayısının döşəyinin altından külli miqdarda pul oğurladı - Qızlara xərclədi

Dayısının döşəyinin altından külli miqdarda pul oğurladı - Qızlara xərclədi Kriminal

Naxçıvanda oğurluq hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Sədərək rayon Dəmirçi kəndində yaşayan şəxs polisə müraciət edərək evindən 11 min manat pulunun oğurlandığını deyib. O bildirib ki, pullar onun yataq otağında döşəyin altında olub.

Keçirilən tədbirlər nəticəsində məlum olub ki, pulu şikayətçinin bacısı oğlu - 2006-cı il təvəllüdlü Kamal Məmmədli oğurlayıb.

Faktla bağlı Kamal Məmmədli barəsində cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib.

Araşdırma zamanı məlum olub ki, Kamal hadisədən sonra pulları götürərək Naxçıvanın müxtəlif yerlərində restoranlara gedib və dostları ilə birgə yeyib-içmək məclisləri keçirib. O, pulun böyük hissəsini hotellərə və restoranlara ödəyib.

Kamal Məmmədli barəsində toplanmış materiallar Sədərək rayon məhkəməsinə daxil olub. Dayısı ifadə verərək bacısının oğlunun ona dəymiş zərəri ödədiyini deyib və Kamalı bağışladığını deyib.

Məhkəmə Kamala 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Ayağına elektron təqib cihazı yerləşdirilən gənc məhkəmə zalından sərbəst buraxılıb.

Yaşar Araz