"İnstagram"da başqası ilə yazışan arvadını vəhşicəsinə ÖLDÜRDÜ - Bakıda dəhşətli cinayət

"İnstagram"da başqası ilə yazışan arvadını vəhşicəsinə ÖLDÜRDÜ - Bakıda dəhşətli cinayət Kriminal

Bakıda arvadını döyərək öldürən şəxsə hökm oxunub.

News24.az xəbər verir ki, “baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Nizami rayonu, Nəsimi küçəsi 32, mənzil 19-da baş verib.

Yataq otağındakı çarpayıda, başında, üzündə, sinəsində, qollarına və ayaqlarında çoxsaylı xəsarət izləri ilə Ləman Vəliyevanın (2004-cü il təv.) meyiti aşkar edilib. Hadisə yerində mərhumun əri Şamaxı rayon sakini Rəşad Əmirov (1991-ci il təv.) saxlanılıb.

Nizami rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ləman Vəliyevanın ölümünə — başın küt travması, boyun fəqərəsinin sınması və beyinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, mayın 31-i saat 23 radələrində Rəşad Əmirov faktiki nikahda olduğu Ləman Vəliyevaya məxsus “Instagram” sosial şəbəkə hesabına daxil olaraq, sonuncunun tanımadığı şəxslərlə yazışdığı mesajları oxuyub və buna görə onu öldürmək qərarına gəlib. Arvadının evdən qaçmasının qarşısını almaq üçün yataq otağının qapısını kilidləyib. Ləman Vəliyevanın aman diləyən yalvarışlarına baxmayaraq, yumruqla baş nahiyəsinə zərbə vurub.

Qadına təxminən 20 dəqiqə davamlı, müstəsna dərəcədə rəhimsizliklə güclü zərbələr endirib. Çarpayıların arasından döşəməyə düşdükdən sonra, qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini davam edərək, əvvəlcə ayaqları ilə, daha sonra yenidən yumruqla başına və bədəninə zərbələr vurmaqda davam edib. Bu hərəkəti ilə Rəşad Əmirov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.

Məhkəmə iclasında Rəşad Əmirov ittiham üzrə özünü təqsirli bilməyib. Çəkiliş aparılacağı təqdirdə ifadə verməyəcəyini deyib. Məhkəmədə onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. Rəşad Əmirov Nizami rayon prokurorluğunda, ifadəsində göstərib ki, o, anası Elmira Əmirova, arvadı Ləman Vəliyeva və bir övladı ilə birlikdə yaşayıb. Ləmandan əvvəl - 2007-2011-ci illərdə qeyri-rəsmi olaraq Qəmər Sadıqova adlı qadınla birgə yaşayıb. Onların birgəliyindən bir övladı da olub. Ləman Vəliyeva ilə isə 2023-cü ilin yayında tanış olub. Həmin ərəfədə Rəşad Əmirov taksi fəaliyyəti ilə məşğul imiş. Qadını onun avtomobilinə müştəri qismində əyldiyi zaman tanıyıb. Tanış olduqdan sonra Ləmanın ofisiant işlədiyini, evli olub boşandığını və əvvəllər CM-nin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunduğunu bilib. Aralarında sevgi münasibəti yarandığından onlar həmin ilin payızında kəbin kəsdirərək Nəsimi küçəsi 32, mənzil 19-da yaşamağa başlayıblar. 2025-ci ildə qız övladları dünyaya gəlib. Maddi sıxıntılar, bir-birilərini qısqanmaları səbəbindən münasibətləri get-gedə pisləşib.

Mayın 30-da Rəşadın baldızı, mərhumun bacısı Səbinə Vəliyeva ona Ləmana məxsus şəbəkə səhifəsinin şifrəsini göndərərək Ləmanın mesajlarına baxmasını istəyib. Növbəti gün Rəşad arvadının “Instagram” hesabına daxil olub və ismarıclara baxıb. Orda bir nəfərə yazdığı mesajları oxuyaraq əsəbləşib və Ləmanın üzünə şillə vurub. Cavab olaraq arvadı ismarıcların bacısı Səbinənin yazdığını və onun yalan danışdığını bildirib. Rəşad axşam saat 22 radələrində yenidən yoldaşının hesabına girərək onun ayrı-ayrı şəxslərlə yazışmalarını oxuyub. O, gördüklərindən qəzəblənib və anası mağazaya getdikdən sonra Ləmanı döymək üçün yataq otağına girərək qapını kilidləyib. Ləman bunu başa düşdüyü üçün uşaqlıq etdiyini, səhv etdiyini deyərək ona yalvarmağa başlayıb. Qadın dayanmadan aldığı zərbələrdən əvvəl çarpayının üzərinə, daha sonra iki çarpayının arasına düşüb. Rəşad yerdə onu ayağları ilə tapdalayıb.

Evə qayıdan anası onların səslərini eşidib və yataq otağının qabağında dayanaraq Rə.addan qızı vurmamasını, qapını açmasını deyib. Rəşadsa anasına sadəcə söhbət etdiklərini desə də, zərbələr vurmağa davam edib. O, 15-20 dəqiqədən sonra Ləmanın xırıldamasını görüb və peşman olaraq qapını açıb. Anası Ləmanın vəziyyətini görən kimi oğlundan tez təcili yardım çağırmasını istəyib. Rəşad əvvəl 102 -yə, daha sonra 103- ə zəng edərək məlumat verib. O, evdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə mərhumun qardaşı Nihat Vəliyev hüquqi varis qismində tanınıb, Səbinə Vəliyevanın hüquqi varis qismində iştirakına isə xitam verilib.

Şahid Əkbər Aslanov və Cavid Babayevin verdikləri ifadələrə əsasən, Ləman Vəliyeva ilə ara-bir “Instagram” şəbəkəsində yazışıb, hal-əhval tutublar. Heç vaxt görüşməyiblər və aralarında hər hansı digər münasibət olmayıb.

Məhkəmə ekspertizasının rəyinə görə, Rəşad Əmirov 2020-ci ildən Narkoloji Mərkəzdə qeydiyyatda olsa da, hadisə zamanı narkotik vasitələrdən istifadə etmə halları müəyyən edilməyib.

Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Rəşad Əmirovun əməli CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif olunub. Ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 17 il müddətinə azadlıqdan məhrum olunub.