Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
Kriminal
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, insident Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı Ağazadə Rəvanə Nicat qızına çoxsaylı bıçaq zərbələri endirilib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü H.A. qorxusundan anasının qucağına qaçıb. Nəticədə, zərbələrdən üçü uşağa dəyib.
Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Qadın isə əməliyyat blokuna alınıb və hazırda əməliyyat davam edir.
Əməli törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə həmin ünvanda kirayə yaşayır.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)