“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...
Kriminal
Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.
News24.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Bildirilib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, hadisədən bir müddət əvvəl Balaəlinin anası V.Cavadova evi tərk edib. Qadın ərinin və iki oğlunun narkotik vasitə qəbul etmələrindən, nalayiq hərəkətlərə yol vermələrindən bezərək başqa ev tutub və oraya köçüb.
Zərərçəkmiş qadın məhkəmədəki ifadəsində oğullarının da, ərinin də narkotik istifadəçisi olduğunu bildirib.
“Mən övladlarım üçün çox əziyyət çəkmişəm, lakin qarşılığını görə bilməmişəm. Oğlum Elnur (şərti) əsgərliyə gedəndən sonra onun qollarını kəsməsi ilə bağlı xəbər gəldi, Balaəli əsgərliyə gedəndən sonra onun əsgərlikdən qaçdığı xəbəri gəldi. Mən Balaəlinin əsgərlikdən qaçmasının qarşısını aldım və qardaşımla onu geri apararkən Balaəli qardaşıma “şüşə” çəkdiyini etiraf etdi. Ümumiyyətlə, mən yoldaşımın da, Balaəli və Elnurun da narkotik istifadəçisi olduğunu bilirdim. (Qafqazinfo)