“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olundu - Video

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olundu - Video Kriminal

Baş DYP İdarəsinin 11-ci tağımı tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə BDYPİ-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Rəsulov inzibati qaydada həbs edilib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir.

Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır", məlumatda vurğulanıb.