Rüşvət almaqda təqsirləndirilən sabiq direktora - Hökm oxundu

Rüşvət almaqda təqsirləndirilən sabiq direktora - Hökm oxundu Kriminal

Bakıda rüşvət almaqda təqsirləndirilən Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru Cavad Səfərovun məhkəmə prosesi başa çatıb.

News24.az xəbər verir ki , Bakı Ağır Cinayətlər Məhkəməsinə keçirilən prosesdə Cavad Səfərova hökm oxunub.

Hökmə əsasən, o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq direktorun cəzası şərti hesab edilməklə ona iki il sınaq müddəti təyin edilib.

Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, baş vermiş cinayət hadisəsinin üstündən xeyli müddət keçməsini, keçmiş məcburi köçkün olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edib.

Qeyd edək ki, Cavad Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı Ruxsarə Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməkdə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmaqda ittiham olunub.

Faktla bağlı onun barəsində 2020-ci ildə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Cavad Səfərov istintaqdan yayındığı üçün axtarışa verilmişdi. O, ötən il polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib./Xitab24.az