Yasamaldakı qəza üzrə istintaq başa çatdı: Sürücü həbs edildi - Foto

Yasamaldakı qəza üzrə istintaq başa çatdı: Sürücü həbs edildi - Foto Kriminal

Bakıda avtomobilin piyadanı vuraraq ölümünə səbəb olduğu hadisə ilə bağlı açılmış cinayət işinin istintaqı başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində – fəaliyyətini dayandırmış “Lider” telekanalının qarşısında baş verib. 2002-ci il təvəllüdlü Məzahir Kərimov atasına məxsus “Hyundai Grandeur” markalı avtomobillə hərəkətdə olarkən 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Araşdırmalar göstərib ki, Azərbaycan Poçt Daşıyıcıları Assosiyasının həmtəsisçisi, “DHL Express” və DHL Global Forwarding şirkətlərinin Azərbaycandakı təmsilçisi olan Şaiq Mansurov qəza baş verməzdən əvvəl dostu ilə yaxınlıqdakı “Edem” çay evində olub. O, çay evindən çıxaraq yolu keçən zaman hadisə baş verib.

Faktla bağlı toplanmış materiallar Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin ötən həftə çıxardığı hökmə əsasən, 23 yaşlı sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib və 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb. Cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək və müddət təqsirləndirilənin qeydiyyata alındığı tarixdən hesablanacaq.

Yaşar Araz

Yasamaldakı qəza üzrə istintaq başa çatdı: Sürücü həbs edildi - Foto