Yüksəkvəzifəli şəxsin külli miqdarda pulunu ələ keçirib ölkədən qaçmışdı – QAYIDANDA TUTULDU
Kriminal
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən və Səttar Möhbalıyeva məxsus olduğu deyilən “Batabat” restoranının direktoru işləmiş şəxsə cinayət işi açılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Aqil Kazımov Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham edilib.
Müəyyən olunub ki, o, "Batabat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumillikdə 31114,72 manat pulunu mənimsəməklə talayıb və Türkiyəyə qaçıb.
Belə ki, 28 may 2025-ci ildə Aqil Kazımov Səttar Möhbalıyev tərəfindən “Təbriz” hotelə çağırılıb və ona restorana direktorluq etmək vəzifəsi təklif edilib. Aqil təklifi qəbul edib və işə başlayıb. O, 12 iyul 2025-ci ilə qədər restoranda işləyib, işlədiyi zaman restoranın mənfəəti olan 17 min manata qədər pulu mənimsəyib, bundan başqa bazardan olan satıcıların pullarını mənimsəyib, həmin pulları mobil telefonda “Pinco-Casino” onlayn oyununda uduzub. Bundan sonra Aqil Türkiyəyə gedib. Bir müddət sonra o, geri qayıdanda tutulub və barəsində cinayət işinin açıldığı bildirilib.
Qeyd edək ki, bir müddət idi mətbautda “Batabat” restoranında işləyənlərin maaşlarının aylarla verilmədiyi barədə məlumatlar yayılmışdı.
Dünən Şahbuz rayon Məhkəməsi Aqil Kazımova hökm oxuyub. O, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ayağına elektron təqib cihazı taxılıb.
Yaşar Araz