Özünü “Azəriqaz” əməkdaşı kimi təqdim edib 6400 manat pul aldı
Kriminal
Bakı şəhər Sabunçu rayonu ərazisində vətəndaşları aldadaraq 6400 manat pul alan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
News24.az -ın əldə etdiyi məlumata görə, şikayətçilər özünü “Azəriqaz” əməkdaşı kimi təqdim edən şəxsin onlardan xeyli pul aldığını bildiriblər. Həmin şəxslərin sözlərinə görə, pulu yaşadıqları evlərə və qeyri-yaşayış sahələrinə qaz sayğacı quraşdırılması müqabilində veriblər.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə iş açılıb. Müəyyən edilib ki, dələduzluq yoluyla vətəndaşlardan pul alan şəxs Sabirabad rayon Ulacalı kənd sakini olan 1977-ci il təvəllüdlü Natiq Əlisahib oğludur.
Onun barəsində toplanmış materiallar Sabunçu rayon Məhkəməsinə təqdim edilib. Təqsirləndirilən şəxs əməlini qəbul edib və “Azəriqaz”da işləmədiyini etiraf edib.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Yaşar Araz