Alimlər 99 milyon illik həşərat növü kəşf etdilər
Maraqlı
Alimlər təxminən 99 milyon il əvvəl yaşamış, qeyri-adi görünüşə malik qədim həşərat növü aşkar ediblər.
News24.az xəbər verir ki, Təl-Əviv Universitetinin çinli alimlərlə birgə apardığı araşdırmanın nəticələri “Insects” jurnalında dərc olunub.
Tədqiqatçılar yeni növü Myanma kəhrəbasında aşkar ediblər. “Cretoduros noonoo” adlandırılan həşərata uzun və qeyri-adi ağız quruluşuna görə “Teletubbi” cizgi filmindəki personajın şərəfinə “Noonoo” ləqəbi verilib.
Həşəratın ən diqqətçəkən xüsusiyyəti bədəninin uzunluğundan təxminən iki dəfə böyük olan elastik ağzıdır. Alimlər hesab edirlər ki, bu orqan vasitəsilə canlı ağac qabığındakı dar yarıqlara daxil olaraq bitki şirəsi ilə qidalanıb.
Mikrokompüter tomoqrafiyası ilə aparılan araşdırma göstərib ki, ağız hissəsindəki qırışlar ona elastiklik verib və qırılmasının qarşısını alıb.
Alimlərin fikrincə, bu həşərat müasir dövrdə analoqu olmayan xüsusi təkamül xüsusiyyətinə malik olub və dinozavrlar dövründə ağac şirəsi ilə qidalanan canlılardan biri olub.