Bakının mərkəzindəki rəqs Türkiyə mətbuatında: "Gedişat heç də yaxşı görünmür"

Bakının mərkəzindəki rəqs Türkiyə mətbuatında: "Gedişat heç də yaxşı görünmür" Maraqlı

Musiqi və rəqsin müşayiəti ilə hazırladığı dondurma şoularıyla tanınan, Dubaydan Azərbaycana gələn “Çılğın Dondurmacı” yenə gündəmdədir.

News24.az xəbər verir ki, bu dəfə onunla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzində dondurma alan qadınla çəkdirdiyi rəqs görüntüləri Azərbaycan sosial mediasında geniş müzakirə yaradıb. Qısa müddətdə yayılan görüntülərə çoxsaylı etirazlar gəlib. Şounun yerli mədəniyyətə uyğun olmadığını düşünən istifadəçilər narazılıqlarını dilə gətiriblər.

Məlumatda sosial şəbəkələrdə yayılan paylaşımlardan sitat da verilib: “Bura Bakının mərkəzi küçəsidir. “Çılğın Dondurmacı” Dubaydan köçüb bura gəlib. Sizcə, dondurma satmağı bu qədər şişirtmək lazımdır? Bu şəxsin haralı olduğunu bilmirəm, amma onun davranışı Türkiyədən gələnlərlə bağlı mənfi fikir formalaşdırır. Bunun Maraş mədəniyyəti olub-olmadığını da bilmirəm, amma gedişat heç də yaxşı görünmür...”

Məlumatda o da qeyd edilib ki, şoudan sonra sosial şəbəkə istifadəçilərinin fikirləri iki yerə bölünüb.

Bəzi istifadəçilər bu cür şouların ictimai yerlərdə cəmiyyətin quruluşuna və ümumi əxlaq anlayışına zərər verdiyini bildirərək etiraz edib. Digər qrup isə bunun sadəcə, əyləncə və marketinq məqsədli küçə nümayişindən ibarət olduğunu deyərək onu müdafiə edib.