Bu ölkə milli atributunu dəyişdi

Bu ölkə milli atributunu dəyişdi Maraqlı

İtaliya milli himnində kiçik, lakin diqqətçəkən dəyişiklik edib. Belə ki, ölkəni döyüşə çağıran misradan sonra səslənən vurğulu “Si!” (Bəli!) sözü himnin son variantından çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, son həftələrdə Müdafiə Qərargahı bu dəyişikliklə bağlı rəsmi göstərişlər yayıb. Dəyişiklik may ayında rəsmi qəzetdə dərc olunan və himnin orijinal versiyasına istinad edən prezident fərmanına uyğun şəkildə edilib. Məlumat daha sonra Müdafiə Nazirliyi və Prezident Sercio Mattarellanın ofisi tərəfindən təsdiqlənib.

Son dəyişiklikdən əvvəl “İtaliyanın qardaşları” adlı milli himn belə bitirdi:
“Ölməyə hazırıq,
Ölməyə hazırıq,
İtaliya çağırdı! Bəli!”

Dəyişikliyin səbəbi ictimaiyyətə açıqlanmayıb. Lakin Prezident Administrasiyasından bir mənbə bildirib ki, dəyişiklik siyasi səbəblərlə bağlı deyil. Məqsəd yalnız “saflığı qorumaq”, yəni orijinal mətnə sonradan əlavə edilən sözün çıxarılmasıdır.

Qeyd edək ki, hazırkı Baş nazir Corcia Meloninin partiyası ilə eyni adı daşıyan “İtaliyanın qardaşları” himni 1847-ci ildə şair Qoffredo Mameli tərəfindən yazılıb. Mamelinin sözlərində “Si!” yer almasa da, bu söz həmin il bəstəkar Mişele Novaro tərəfindən yazılan orijinal musiqi notasına daxil edilib.

Hökumətin rəsmi saytında himnin həm orijinal sözləri, həm də musiqi partiturasının surətləri yerləşdirilib.