Bu uşaqlar riyazi məsələlərin həllində çətinlik çəkirlər – SƏBƏB
Maraqlı
Diskalkuliyası olan uşaqlar yalnız hesablama aparmaqda deyil, həm də riyazi məsələlərin həlli üçün düzgün strategiya seçməkdə çətinlik çəkirlər.
News24.az xəbər verir ki, bu barədə Stanford Universitetinin apardığı və “The Journal of Neuroscience” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqatda 8–10 yaş arası 68 uşaq iştirak edib. Alimlər uşaqların riyazi tapşırıqları yerinə yetirmə nəticələrini beyin fəaliyyətinin göstəriciləri ilə müqayisə edib, həll prosesinin müxtəlif mərhələlərini müəyyənləşdirmək üçün riyazi modeldən istifadə ediblər.
Araşdırmaya əsasən, eyni riyazi məsələ bir neçə üsulla həll edilə bilər. Bunlara rəqəmləri yenidən hesablamaq, cavabı yaddaşdan xatırlamaq və ya məsələni daha kiçik hissələrə bölmək daxildir. Uğurlu nəticə əldə etmək üçün uşaqlar bu strategiyaları mənimsəməli və hansı vəziyyətdə hansı üsuldan istifadə etməyin daha məqsədəuyğun olduğunu müəyyənləşdirməlidirlər.
Məlum olub ki, diskalkuliyası olan uşaqlar hər üç strategiyadan istifadə zamanı çətinlik yaşayırlar. Onlar bir üsuldan digərinə keçmək üçün daha çox vaxt sərf edir və tapşırığın çətinlik səviyyəsinə uyğun strategiya seçməkdə çətinlik çəkirlər.
Tədqiqatçılar bu fərqlərin beynin frontal və parietal payları, hipokampus və görmə ilə əlaqəli sahələri də daxil olmaqla, bir neçə bölgəsinin fəaliyyət xüsusiyyətləri ilə bağlı olduğunu müəyyən ediblər.
Alimlərin fikrincə, diskalkuliyanın öyrənilməsi zamanı yalnız hesablama bacarıqları deyil, həm də uşaqların məsələni həll etmək üçün strategiya seçmək qabiliyyəti nəzərə alınmalıdır.